ƏSİLZADƏLİYİN TƏCƏSSÜMÇÜSÜ OLAN “XƏZƏRİN XANI”

image

Akademik Ramiz Məmmədov Borçalı-Qarayazı əsilzadələrinin törəmələrindən idi və bu amil istər-istəməz onun bütün varlığında özünü aydın şəkildə təcəssüm etdirirdi.

Ramiz müəllimin mənsub olduğu Sofular nəsli Qarayazının məşhur ağa-bəy nəsillərindən biri olmuşdur. İlkin tarixi mənbələrdən bəlli olur ki, bu nəslin nümayəndələri tarixi, hərbi-siyasi və ictimai proseslərdə daim fəallıqları ilə seçilmişlər.

 Sofulardan Sofu bəyin oğulları Allahverdi bəyRəhim bəy 1905-ci ildə erməni silahlı dəstələrinin Tiflis şəhərində dinc türk-müsəlman əhaliyə qarşı törətdikləri qırğınlara qarşı Borçalı-Qarayazıda başlamış xalq hərəkatında fəal iştirak etmişlər.

Abbasqulu bəy Sofiyev Terek kazak qoşunlarının Volqa alayında qoşun starşinası (nizami qoşunlarda polkovnik-leytenant rütbəsinə bərabərdir)  rütbəsində xidmət etmiş, həmçinin ictimai fəaliyyətlə məşğul olmuşdur. Abbasqulu bəyin övladları Əsgər bəy və Nuh bəy peşəkar ordu zabitləri olmuş, polkovnik rütbəsinə qədər yüksəlmişlər. Artilleriyaçı Əsgər (Boris) bəy Sofiyev  1904-1905-ci illər rus-yapon və Birinci Dünya müharibəsinin, Ağqvardiyaçı hərəkatının iştirakçısı olmuşdur. Nuh bəy Sofiyev də qardaşı kimi Birinci Dünya müharibəsinə qatılmış, 1917-ci ilin sonlarında Tiflisdə yaradılmış Müsəlman Korpusunun tərkibindəki Qarayazı süvari alayının komandanı olmuş, 1918-ci ildə alayı ilə birlikdə Qafqaz İslam Ordusunun sıralarında Bakı yürüşündə iştirak etmişdir. Daha sonra hərbi xidmətini Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələrində davam etdirən Nuh bəy 1919-cu ildə I Tatar süvari alayının komandanı təyin olunmuş, 1920-ci ildə Azərbaycanda qurulmuş sovet rejiminə qarşı Qarabağ üsyanının təşkilatçılarından olmuşdur.

Ramiz müəllimin babası Məcid ağanın bacısı Pərixanım Sofiyeva dünyada demokratik yolla deputat seçilmiş ilk müsəlman qadın olmuşdur. O, 1918-ci ilin yayında Gürcüstan Demokratik Respublikasında keçirilmiş yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticəsində  Qarayazı nahiyəsindən Tiflis qəzasının “eroba” adlanan bələdiyyə məclisində qlasnı (deputat) kimi təmsil olunmaq hüququnu qazanmışdır. Konservativ müsəlman toplumundan bir qadının fəallığı və uğurları Gürcüstan siyasi-ictimai mühitində böyük əks-səda doğurmuşdu. Deyilənlərə görə, Pərixanım Sofiyeva hökmlü, sözü ötgün və əməli kəsərli xanım imiş. Bu xüsusiyyətlərinə görə kənddə onu “kişi Pəri” adlandırırlarmış. Pərixanım həm də xeyriyyəçi imiş, gənc xanımların təhsil almasına xüsusi diqqət yetirərmiş.

1921-ci ildə Gürcüstan bolşevik işğalına məruz qalandan sonra məcburi surətdə kollektivləşmə sisteminə keçid zamanı ata yurdları Qaracalar kəndində “Ağalığın uşaqları” adı ilə də tanınan Sofiyevlər taleyin ağır sınağına tuş gəlirlər. Onların bir çoxunun var-dövləti müsadirə olunur, bir çoxu sürgünə göndərilir, bəziləri isə təqiblərdən yaxa qurtarmaq üçün soyadlarını dəyişməyə məcbur olurlar.  Məcid ağa da həmin dövrdə Məmmədov soyadını qəbul edir.

 Sofular barədə yuxarıda təqdim olunan qısa tarixi bilgilərin fonunda bir daha qeyd etmək istərdim ki, bəyzadəlik, ağayanalıq və zadəganlıq akademik Ramiz Məmmədovun ruhunda, mərd davranışlarında, məğrur baxışlarında, vüqarlı yerişində, ağır oturuşunda və digər insani xüsusiyyətlərində özünü açıq büruzə verirdi. Bu mənada düşünürəm ki, mərhum yazarımız Elbəyi Cəlaloğlunun görkəmli alimin həyat və yaradıcılığına həsr etdiyi “Xəzərin xanı, yaxud akademik ömrünün spektrləri” kitabının adındakı “Xəzərin xanı” söz birləşməsi həqiqətən Ramiz müəllimin şəxsiyyətinə biçilmiş olduqca uğurlu ifadədir. Hər dəfə, istər AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutundakı iş otağında, istərsə də ictimai-mədəni tədbirlərdə onunla ünsiyyətim nəticəsində gəldiyim bu qənaət daha da güclənir, genetik xüsusiyyətlərin insan şəxsiyyətinin formalaşmasına nə dərəcədə böyük təsir göstərdiyinin şahidi olurdum.  

Ramiz müəllim sözün əsl mənasında böyük şəxsiyyət idi. Kübar olduğu qədər sadə və təvazökar, prinsipial və qətiyyətli olduğu qədər mülayim idi. Zəngin həyat təcrübəsini gənc nəsillə böyük həvəslə bölüşürdü. Məsləhət və tövsiyələrindən mən də faydalanmışam. Onunla söhbətdən doymaq olmurdu. Vətəninə, Millətinə, Dövlətinə və Yurduna sədaqətli idi. Borçalının keçmişi, o cümlədən mənsub olduğu Sofular nəslinin tariximizdə yeri və roluna dair bilgilərlə maraqlanırdı. Bu barədə araşdırmalarımı təqdim etmiş, diqqətlə oxuduqdan sonra öz müsbət fikirlərini bildirmişdi.   

Ramiz müəllim ən yüksək ziyalılıq keyfiyyətlərini özündə birləşdirən əsl elm fədaisi, dünya şöhrətli alimlərimizdən idi. Elmi özünə həyat amalı seçmişdi. Həm də görkəmli ictimai xadim idi. Bu yöndə fəaliyyətində doğulduğu mahalı unutmurdu. Ömrünün son illərində “Soydaş” İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri qismində soydaşlarından öz diqqət və qayğısını  əsirgəmirdi. Qatıldığı ən son tədbir də vəfatından 2 gün əvvəl – 5 iyun 2021-ci ildə “Soydaş”ın təşkilatçılığı ilə baş tutmuş, müəllifi olduğum “XIX əsr Borçalı əhalisinin imtiyazlı zümrələri kameral təsvirlərdə” kitabının təqdimatı idi. Mövcud ağır epidemioloji vəziyyətə və səhhətindəki ciddi problemlərə baxmayaraq, iştirakı ilə tədbiri şərəfləndirmiş və rövnəqləndirmiş, elinə-obasına bağlılığını bir daha sübut etmişdi. Təqdimatda məzmunu bilavasitə babalarının mənsub olduğu əhali təbəqəsini əhatə edən kitab barədə əhatəli nitq söyləmişdi. Nitqində elmi camiədə qeyri-rəsmi olaraq işlədilən “PPP” prinsipinin açıqlamasını verərək  (“PPP” və ya “3 P” rus dilindən tərcüməsi müvafiq olaraq “döşəmə, tavan və qələm” mənasını verən “pol”, “potolok” və “pero” sözlərinin abreviaturudur; əhəmiyyətsiz, mənbələrə istinadsız yazılan işlərə eyham edilərək, məcazən “döşəməyə və tavana, yəni yerə və göyə baxıb qələmə sarılmaq” mənasını ifadə edir), müəllifin tədqiqatlarında ilkin mənbələrə üstünlük verməsini yüksək qiymətləndirmişdi. Ramiz Məmmədov kimi nəhəng elm xadiminin belə bir dəyərləndirməsi mənim üçün fəxarət, eyni zamanda  gələcək elmi fəaliyyətim üçün daha böyük məsuliyyət və stimuldur.

Haqqında bəhs etdiyim tədbir Ramiz müəllimin ictimai fəaliyyətində ömrünün son akkordu olmaqla yanaşı, onun varlığı ilə qürur duyan soydaşları və yurddaşları ilə son görüşü oldu.  Gümrah görünməyə çalışdığı həmin tədbirdə gülər üzü, xoş təbəssümü, şən zarafatları ilə diqqəti cəlb edirdi. Sanki yaddaşımıza bu şəkildə həkk olunmaq istəyirdi. Yəqin ki, bu vida görüşünün məhz Borçalı tarixi ilə bağlı kitab təqdimatına təsadüf etməsi Ulu Tanrımızın o tədbirdə iştirak edənlərin alnına yazdığı tale qisməti imiş. Bəlkə də ilahi bir hikmət, Ramiz müəllimin örnəyində “ölənə qədər doğulduğunuz yurdu unutmayın, elinizə-obanıza sevgi və sədaqətinizi itirməyin, ulularınıza sahib çıxın” ismarıcı idi.

    Akademik Ramiz Məmmədov Azərbaycanda ən yüksək elmi adı və vəzifəni qazanmağa nail olmuş Gürcüstan əsilli nadir soydaşlarımızdan idi. Onun zəngin elmi fəaliyyəti ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilmişdir.  

   Hamımız tərəfindən sevilən və dərin ehtiramla anılan, yaşadığı mühitin hüdudlarına sığmayan, daim məmləkətinin şərəfini ucaldan Ramiz müəllimin ləyaqətli ömür yolu gələcək nəsillər üçün nümunədir. Bu xüsusda istəyimiz odur ki, vətəndaşı olduğu Azərbaycanla yanaşı, doğulub boya-başa çatdığı Gürcüstanda görkəmli alimin adı əbədiləşsin. Bu, onun doğal haqqıdır.

Ramiz müəllim haqqında səmimi ürək sözlərimizi onun sağlığında, “Soydaş” İctimai Birliyinin 2020-ci ildə təşkil etməyi planlaşdırdığı yubiley gecəsində söyləməyə hazırlaşırdıq. Ancaq təəssüf ki, pandemiya şəraiti 70 illik, amansız əcəl isə 75 illik yubileyini keçirməyə imkan vermədi.

Əsl ziyalı, elmimizin görkəmli nümayəndəsi, bütöv şəxsiyyət, Böyük İnsan, ruhunuz şad, məkanınız cənnət olsun! Adınız coğrafiya elmi tarixində, xatirəniz yaddaşlarda əbədi yaşayacaq!

 

Fəxri VALEHOĞLU -HACILAR

tarix elmləri doktoru,

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin

 “Şərqi Avropa” şöbəsinin müdiri

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti