Ermənilər Paşinyana ona görə ikinci şans verdilər ki...
Ermənilər Paşinyana ona görə ikinci şans verdilər ki...
17 avqustda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk üçtərəfli İşçi qrupunun fəaliyyətini yenidən bərpa ediblər. Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və 11 yanvar üçtərəfli bəyanatı çərçivəsində görülən işlərin gedişatını müzakirə ediblər.
Azərbaycan-Ermənistan sərhəddində, o cümlədən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ ərazisində baş verən atəş sədaları altında Qarabağ üzrə üçtərəfli İşçi qrupunun öz fəaliyyətini bərpa etməsi prosesi izləyənlərdə “bundan sonra nə olacaq” düşüncəsi yaradıb.
İşçi Qrupun səlahiyyətlərindən və prosesin Rusiyanın koordinatorluğu ilə getməsindən aydın olur ki, müzakirədə ancaq nəqliyyat kommunikasiya əlaqələrinin bərpası məsələsi olub. Zatən başqa məqamların, xüsusən iki ölkə arasında sərhədin delimitasiyasının, müqavilə bağlanmasının, atəşin dayandırılması kimi məsələlərin müzakirəsi bu çərçivədə mümkün də deyildi.
Maraqlısı budur ki, niyə məhz indiki məqamda Ermənistan rəhbərliyi bu prosesin davam etməsinə razı olub?
Ən əsas məqam Ermənistanda növbədənkənar seçkilərin bitməsi, müharibədə məğlub olmuş baş nazir Paşinyanın seçkidə böyük üstünlüklə qalib olması, hökuməti formalaşdırması, daxili siyasətdə mövqelərini möhkəmləndirməsidir. Paşinyan bunu etiraf etməsə də hər kəsə bəlli idi ki, danışıqların dayandırılmasının əsas səbəbi məhz Ermənistandakı növbədənkənar seçki prosesi idi. Artıq Ermənistanda siyasi ehtiraslar müəyyən qədər səngidiyi üçün fikrimicə əlaqələrin bərpası istiqamətində görülən işlər fasilə verilmədən davam edəcək.
Digər önəmli məqam budur ki, Paşinyanın, o cümlədən bəzi radikalların Zəngəzur dəhlizinin əleyhinə pafoslu bəyanatlar vermələrinə baxmayaraq geosiyasi, geoiqtisadi durum nəqliyyat kommunikasiya xətlərinin açılmasını diktə edir. Bu Rusiyanın da, Türkiyənin də, Çinin də, Britaniyanın da, iqtisadi əlaqələrin genişlənməsində maraqlı olan bütün böyük güclərin də marağıdır. Ermənistanın bunun əleyhinə getməsi mümkün deyil. Prosesin bu cür gedişatı isə əlbəttə Azərbaycanın marağına uyğundur. Çünki Zəngəzur dəhlizinin açılmasıyla biz Türkiyə ilə daha qısa, daha rahat əlaqə əldə etmiş oluruq ki, bu da bizimlə qardaş ölkənin bir sıra sahələrdə, xüsusən də iqtisadi əlaqələrinin dərinləşməsində böyük rol oynayacaq. Nəticə budur ki, Zəngəzur dəhlizi açılacaq və biz Naxçıvanla, Türkiyə ilə əlaqələrimizi gücləndirəcəyik.
Nəqliyyat kommunikasiya xətlərinin bərpasını, atəşin davam etməsi, sərhədlərin müəyyənləşdirilməmiş formada qalması fonunda həyata keçirmək çox çətindir, hətta mümkünsüzdür. Yəqin məhz buna görədir ki, Paşinyan Azərbaycanla və Türkiyə ilə bağlı müsbət sayılacaq, danışıqlar masası arxasında əyləşməklə bağlı bəyanatlar verməkdədir. Düşmən ölkənin rəhbəri də anlayır ki, bu cür gedişat çox çəkə bilməz, qeyri-məüyyənlik aydınlaşmalıdır. Bu aydınlıq yaranarsa bundan ən çox faydalananlardan biri elə Ermənistanın özü olacaq. Yeni hakimiyyət anlayır ki, erməni xalqı məğlub baş nazirə ona görə şans verib ki, o Ermənistanı radikalların, müharibə, düşmənçilik arzusuyla alışıb-yananların təsirindən çıxartsın. Ermənilər 44 günlük mühraibədən nəticə çıxardıqlarını seçkidə göstərdilər. Bunu praktik olaraq həyata keçirmək isə Paşinyanın üzərindədir.
Hadisələrin belə gedişatına eyni zamanda Azərbaycanın, prezident İlham Əliyevin sərt ritorikası da səbəb olub. Rəsmi Bakı sərt cavablarla göstərdi ki, heç bir ərazi güzəştindən, status adı altında imtiyazlar əldə etməkdən söhbət gedə bilməz. Azərbaycan rəhbərinin Kəlbəcər və Laçına səfəri, burada yaranmış durumla bağlı verdiyi son bəyanatlar, Qaragöllə bağlı sərt açıqlamaları Ermənistan və Rusiya üçün, bölgədə pozuculuqla məşğul olan sülhməramlılar üçün də soyuq duş effekti oldu. Tərəflərin bundan nəticə çıxartması, bölgədə sabitliyin yaranması üçün ciddi çalışmalar etməsi lazımdır.
Bütün bu hadisələrin fonunda Rusiya sülhməramlılarının Qarabağda Azərbaycanın suverenliyini təhdid edən davranışları əlbəttə ki, sabitlik məsələsini risk altına salır. Xankəndi və ətrafda qalan 25 min erməni Rusiya üçün bölgəni nəzarətdə saxlamaq, istəklərini həyata keçirmək üçün bir təsir kartıdır. Rusiyanın bu qeyri-konstruktiv davranışdan tezliklə əl çəkəcəyi inandırıcı deyil. Buna baxmayaraq biz ən qısa vaxtda Rusiya sülhməramlılarının təsirində olan yerlərə azərbaycanlıların köçürülməsinə, burada Azərbaycan qanunlarının tam olaraq işləməsinə nail olmalıyıq. Bu Rusiyanın separatçılar vasitəsilə həyata keçirmək istədiyi planlara böyük zərbə ola bilər.
Bundan başqa Azərbaycan Rusiyanın separatçılığı körükləmək kimi addımlarını neytrallaşdırmaq üçün Türkiyə, Pakistan vasitəsilə çox ciddi addımlar atmaqda davam etməlidir. Azad olunmuş yerlərin tez bir zamanda bərpa edilib məskunlaşdırılması da Azərbaycanın təsir imkanlarından sayıla bilər. Yəni Qarabağda və Ermənistanda olan ermənilər Azərbaycanın imkanlarını, qətiyyətini görüb başqalarının təsirilə separatçılıqdan, pozuculuqdan əl çəkməyə də məcbur edilə bilərlər.
Gərginliklərin, silah səslərinin mövcudluğuna baxmayaraq nəqliyyat kommunikasiya xətlərinin açılması istiqamətində görülən işlər çox faydalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi bu xətlərin açılması Azərbaycanın Türkiyə ilə əlaqələrinin və eyni zamanda imkanlarının artması, daha da güclənməsi demək olacaq.
Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi
Www.soydasaz.kepenekci.net