Yeni Milli İdeyamız; onu hansı əsaslarla formalaşdırmalıyıq?

image

Ötən il jurnalistlərlə görüşündə Prezident İlham Əliyev “Milli ideyamız nə olmalıdır?” – deyə bir sual ünvanladı. Bu ilin əvvəlində keçirilən inaqurasiya mərasimində isə “Bizim yeganə ailəmiz Türk Dünyasıdır!” dedi.

Azərbaycanda prezidentin andiçmə mərasimində Quran və Konstitusiya yanaşı qoyulur, yeni seçilən prezident öncə Konstitusiyaya, daha sonra Qurana and içir. And içmə mərasimindəki bu ardıcıllıq dünyəvi dövlət olmağımızın göstəricisidir.

Ölkə başçısı tərəfindən dəfələrlə səsləndirilən “Yeni milli ideya” ifadəsi özlüyündə Yeni Milli İdeya strategiyamızın başlanğıcını və bazayaradıcı əsas predmetini təşkil edir. Yeganə ailəmiz Türk Dünyasıdır tezisi, Zəngəzur dəhlizi layihəsi, yaxın qohumlarla evlilik haqqında qanun və s. Yeni Milli İdeyamızın formalaşmaqda olduğunu göstərir.

Bizim üçün son dərəcə yenilik olan və çoxlarımızda müsbət mənada təəccüb doğuran qohum evliliyinə qadağa haqqında geniş və dərin düşünməmiz lazım.

Biz Quranla Konstitusiyanın yanaşı qoyulmasını adətən prezidentin and içmə mərasimində görürük. Bunun özü yeni olmasa da, xalqımızın köhnə adət-ənənəsi də deyil. Bu özlüyündə bir milli ideyadır. Xaqlımız üçün bu iki kitabın hər ikisi müqəddəsdir və hər birinin öz ayrıca yeri var. Konstitusiyaya zidd hərəkət birmənalı hüquqi məsuliyyət, Qurana zidd hərəkət isə əsasən mənəvi məsuliyyəti nəzərdə tutur. Bəs o zaman necə etməliyik ki, dini savadsızlıq vicdanlı vətəndaşı hüquqi məsuliyyətə gətirib çıxarmasın?!

Çünki, Konstitusiyanın 48-ci maddəsində deyilir: “Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır”.

Çox dərinə getmədən sadə dildə deyə bilərik ki, dinimiz yaxın qohum evliliyinə qadağa qoymur, lakin Konstitusiyamız bunu artıq qadağan edir.

Bu qanun milli sağlamlıq məsələsindən əlavə, həm də din adı ilə bizə aşılanan yad mədəniyyətdən uzaqlaşmağa, öz soyumuza bir az da yaxınlaşmağa xidmət edir. Bu qanun dövlətimizin idarəçiliyinə din adı ilə təşkilatllanmış beynəlxalq qrupların təsiri olmadığını göstərir. Bu qanun bir müsəlman ölkəsinin həqiqi sekulyar dövlət olmasına parlaq nümunədir.

Hamızıza məlumdur ki, sadə (əsasən təhsilsiz) insanlar üçün Quranda birbaşa öz əksini tapmayan, amma gündəlik həyatımızda mövcud olan bəzi şəriət qanunları, çoxsaylı hədislər, qaydalar, standartlar bir çox "dini" qruplar tərəfindən cəmiyyətimizə qarşı sui-istifadə imkanı yaradır.

Bəs biz cəmiyyət olaraq bu hallara qarşı mübarizə aparmalı deyilikmi?

Dövlətin həqiqi dini xurafatdan qorunmaq kimi bir səlahiyyəti və məsuliyyəti olmamalıdırmı?

Dini özləri mifləşdirən, magiyalaşdıran, elmləşdirən, siyasiləşdirən, ticarətləşdirən, tik-toklaşdıran insanların özlərinə qarşı mübarizə aparılmalı deyilmi?

Əgər kimsə kişinin saqqalının, qadının geyimlərinin ölçüləri və qız uşağının nigah yaşı haqqında uydurma standartlar düzüb-qoşursa, dövlət buna qarşı öz standartlarını tətbiq etməməli deyilmi?

Bu sualların yaranmasına səbəbkar özünü din adamı kimi təqdim edənlərin özləri deyilmi?

Bu barədə daha çox suallar da qoymaq olar...

Bütün qoyula biləcək suallar öz cavabını Quran və Konstitusiyanı inaqurasiya mərasimində olduğu kimi yanaşı qoyaraq, ixtisaslı və peşəkar hüquqşünasların, filosofların, tarixçilərin, şərqşünasların, ilahiyyatçıların və ziyalıların iştirakı ilə yaradılacaq "Dini Məcəllə”də tapmalıdır.

Latın ata sözlərindən birində deyilir: Xalqın səsi Allahın səsidir (Vox populi vox Dei)

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti