Ağacların kəsilməsi hansı məsuliyyət yaradır?
Ağacların kəsilməsi hansı məsuliyyət yaradır?
Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Eyni zamanda bu il COP29 kimi mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edəcəyik.
Ona görə də, bu gün dünyada ən aktual mövzu olan yaşıllıqların qorunması məsələsində çox həssas olmalıyıq. İnsan davranışlarının və fəaliyyətinin nəticəsində bir çox hallarda ağacların və yaşıllıqların qanunsuz götürüldüyünün şahidi oluruq.
Bəs yaşıllıqlar hansı hallarda götürülə bilər?
“Arbitrum” Vəkil Bürosunun rəhbəri, tanınmış vəkil Polad Mehdiyev bildirb ki, Azərbaycan qanunvericiliyinə görə yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir:
- dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;
- şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;
- şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;
- ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda;
- texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;
- ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.
Yaşıllıqların götürülməsi məqsədi ilə fiziki və hüquqi şəxslər istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.
Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur.
Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və rəyin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizəni qəbul edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən bu barədə ərizəçiyə bütün çatışmazlıqlar göstərilməklə məlumat verilir və ərizəyə baxılma müddətinin axını dayandırılır.
Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin yazılı məlumatı daxil olduqdan sonra müddətin axını bərpa edilir.
İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir.
Yaşıllığın götürülməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin verilməsi müddəti də daxil olmaqla, 3 (üç) təqvim günü ərzində yaşıllığın götürülməsi haqqında qərar qəbul edilir və yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir.
İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən yaşıllığın götürülməsi haqqında qərarının və yaşıllığın götürülməsi vərəqinin surəti 2 (iki) gün müddətində məlumat üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir.
Polad Mehdiyev bu sahədə qanunda olan boşluqlar və ziddiyyətlərə də toxunub.
Xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) halları üçün hər hansı bir məsuliyyət növü qanunvericiliklə müəyyən edilməyib. Buna görə də, yuxarıda qeyd edilən ərazilərdə yaşıllıqların kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tövsiyyə edilən qaydanı və bu prosedurun keçirilməsi üçün zəruri səbəbləri nəzərinizə çatdırıram.
Yaşıllıqların mühafizəsi haqqında Qanundan aydın olur ki, hər bir halda şəxs yaşıllığın kəsilməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına müraciət etməlidir. Müraciət qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Müraciət etmək üçün Nazirlik tərəfindən kəsilən yaşıllığın xüsusi əhəmiyyətli olması, kəsiləcəyi halda insanların həyat və sağlamlığına zərər vurma ehtimalı olması, ərizəçinin özünün və ya üçüncü şəxslərin mülkiyyətinə zərər vurmasının ehtimal edilməsi, dövlət tərəfindən qorunan yaşıllıq növündən olması və s. kimi səbəblər qeyd edilmişdir.
Lakin şəxs istifadəsində olan torpaq sahəsində kəsdiyi yaşıllığa görə heç bir məsuliyyət daşımır. Belə hal Qanunda olan boşluq və normalar arasında olan qeyri-müəyyənlik barədə xəbər verir. Buna görə də, şəxs istifadəsində olan torpaq sahəsində yaşıllığın götürülməsini həyata keçirmək istədikdə, qanunun ümumi tələblərini nəzərə alması tövsiyyə edilir.
Digər bir uyğunsuzluq isə, Yaşıllıqların mühafizəsi haqqında Qanunun 1.0.12-ci maddəsində öz əksini tapıb. Həmin maddədə qeyd edilir ki, yaşıllıqların götürülməsi (kəsilməsi) - ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbirdir. Lakin qanunun müddəalarından da aydın olduğu kimi, yaşıllıqların kəsilməsi hər zaman bərpa edilməsi və ya yerinin dəyişdirilməsi ilə nəticələnmir. Buna görə də yaşıllıqların götürülməsi anlayışı düzgün təhrif edilməyib.
Polad Mehdiyev bununla bağlı Qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə də toxunub.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsi meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi nəticəsində məsuliyyəti müəyyən edir.
Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə -
2000 azn-25000 azn miqdarında cərimə nəzərdə tutulur.
Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi (götürülməsinə) və ya məhv edilməsi şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə -
2200 azn- 35000 azn miqdarında cərimə nəzərdə tutulur.
Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə -
- 100 azn-1000 azn cərimə nəzərdə tutulur.
Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsi şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə -
200 azn- 2000 azn miqdarında cərimə edilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsində qanunsuz ağac kəsməyə görə məsuliyyət müəyyən edilib.
Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda -
-5000-7000 manat miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 260-cı maddəsində meşələri və digər yaşıllıqları məhv etməyə və ya zədələməyə görə məsuliyyət müəyyən edilib.
Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini və digər yaşıllıqları məhv etmə və ya zədələmə —
1000 – 2000 manat miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yuxarıda qeyd edilənlər xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.
- Xeyli miqdar dedikdə, 1000 – 7000 manat məbləğ başa düşülür.
- Külli miqdar dedikdə, 7000 manatdan artıq olan məbləğ başa düşülür.
İstinad:
1. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2 may 2014-cü il tarixli 957-IVQ nömrəli Qanunu;
2. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2014-cü il tarixli 190 nömrəli Fərmanı;
3. “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı;
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi.
Www.soydasaz.kepenekci.net