Meritokratiya və ya “bacarana can qurban”

image

Otuz il əvvəl dilimizdə rusun məşhur “moşennik” sözü tez-tez dolaşırdı. Sosializmdən qəfil kapitalizm burulğanına düşmüş, biznes təfəkkürü olmayan xalq üçün riskli, tədbirli, cəld qərar verən  adam “şübhəli tip” kimi görünürdü.

Zaman keçdikcə “moşennik” sözü dilimizdə milliləşərək, əvvəl heç eşitmədiyimiz “dələduz” sözü kimi tələffüz olundu. İndi  bu söz kütləvi leksikondan çıxaraq, öz təyinatı üzrə istifadə olunur. Bu təyinatı isə yalnız Cinayət Məcəlləsi müəyyən edir. 

Eyni şəkildə bir  vaxtlar populyar olan “bacarana can qurban” - misalı da artıq sıradan çıxıb. Çünki artıq insanımız məqsədə “hər vasitə ilə” yox, yalnız şərəf və ləyaqətlə çatmaq istiyir. Bu hissi gücləndirən ən böyük faktor insanımız  üçün “türk-qafqazlı-müsəlman-azərbaycanlı” kimliyindən ibarət  “4-lü mənsubiyyət”in onun varlığında ekzistensial bütövlük yaratması oldu. 44 günlük Vətən müharibədən sonra bu 4 mənsubiyyətə başqa bir  simvolik status “Qalib xalq”  statusu da əlavə olunub.

İnsanlarımız indi məqsədinə mümkün bütün yollarla deyil daha çox şərəf, ləyaqət və zəhmətlə çatmağa çalışır. Xalqımız da önünüdə təhsilli, bacarıqlı, əxlaqlı və Vətənə bağlı uğurlu iş adamları və ciddi məmurlar görmək istəyir.

Xalqımızın bu cür istəyinin fəlsəfi-siyasi adı çoxdan formalaşan, amma, bizə az məlum olan “Meritokratiya”dır.

Həqiqətən insanlarımızla səmimi söhbət zamanı demək olar ki, hər kəs özü də bilmədən meritokratiya arzusu ilə yaşıyır.

Meritokratiya – “meritus”(latın), “kratos” (yunan) - “Qabiliyyətlilərin hakimiyyəti” deməkdir. Bu cəmiyyətdə və ya hər hansı bir təşkilatda insanın istedad, təhsil və bacarığına görə irəliləməsi prinsipidir.

Meritokratiyada kadr seçimi və karyera yüksəlişi qohumbazlıq, tanışlıq, siyasi loyallıq və ya var-dövlət kimi meyarlarla deyil, burada istedad, bilik, çalışqanlıq, zəhmətkeşlik, səriştə, intizam, məsuliyyət, əxlaq, sağlamlıq və göstərdiyi nəticələr əsas götürülür.

Bu cür göstəricilər əsas götürülən cəmiyyətdə ədalətli rəqabət mühiti, effektiv idarəetmə sistemi yaranır. Nəticədə vətəndaşlar arasında “çalışsan, irəli gedə bilərsən” inamı güclənir. Çünki insanlar görür ki, burada “day-day tapşırıqları”,  “telefon zəngləri” deyil, “Layiqli olan irəli çəkilir” prinsipi işləyir.

Meritokratiya termini ilk dəfə sosioloq Maykl Yanq tərəfindən 1958-ci ildə  “Meritokratiyanın yüksəlişi” (The rise of Meritocracy) əsərində istifadə olunur. O kitabında 1870-2033 müddətini istifadə edərək, addım-addım sosial transformasiyanı təsvir edir.

Niyə məhz 1870-2033..? 

Əgər buna səbəb 1861-ci ildə təhkimçilik hüququnun ləğvindən sonra 1870-ci ildən Rusiyanın modernləşməyə başlaması, Fransa imperiyasının çöküşü, Almaniyanın birləşməsi, Roma Papalığı siyasi hakimiyyətinin çöküşü, yaranan sekulyarizmin milli dövlət konsepsiyası inkişafına təsirinin başlanğıcı və s. idisə, o zaman kitabın əsas ideyasına uyğun 2033-də nə baş verəcəyi maraq doğurur…

Kitaba görə meritokratiyanın əsas düsturu  “IQ + zəhmətkeşlik”dir.

Maykl Yanq eyni zamanda xəbərdarlıq edirdi; meritokratik sistemdə yeni, xalqdan uzaqlaşmış bir elit təbəqə yaranır. Bu elita öz aralarında evlənir, sərvətini özləri ilə bölüşür, öz övladlarına ən yaxşı təhsil almaq imkanı yaradır. Buna görə də yeni  yaranan təkəbbürlü “ağıllılar sinifi” özünü cəmiyyətdən üstün tutur, digər “aşağı göstəricili”  insanlar isə “öz günahları” ucbatından uğursuz sayılır. Kasıblıq cəmiyyətin ümumi problemi yox, insan “tənbəlliyi və ağılsızlığı” formasında fərdi problem kimi təqdim olunur. Nəticədə yeni meritokratik elita yaranır. Bu isə  elitanın təkəbbürü və aşağı təbəqənin narazlığı ilə nəticələnir.

“Meritokratiya” terminini Sinqapur Parlamentində ilk dəfə 1971-ci ildə səsləndirən deputat deyir: “Gəlin elə bir cəmiyyət quraq ki, insanlar bir tərəfdən yalnız öz zəhməti və bacarığına görə irəli çəkilsin, digər tərəfdən isə kasıb təbəqələr üçün də kifayət qədər imkanlar yaradılsın”.

Yəni biz təkcə meritokratiyaya deyil, “MERİTOKRATİYA PLYUS” cəmiyyətinə doğru gedək. Və sonra yaponlarlarla bərabər elə həmin Sinqapur alimləri soruşurlar: “Prestijli universitetin hüquq diplomu həqiqətən demokratiyanı gücləndirmək üçün lazımi bacarıq verir, yoxsa sadəcə diplom sahibini yüksək elitaya daxil edir!?”

Sinqapurda meritokratiya dövlət idarəçiliyinin əsas prinsiplərindəndir. Amma son illərdə “merit - qabiliyyət”in kriteriyaları nələrdir, bu barədə geniş diskussiyalar gedir. Ekspertlər hesab edir ki, “merit-qabiliyyət” anlayışı daha ədalətli, daha detallı və daha əhatəli şəkildə yenidən müəyyən olunmalıdır.

Məsələn, bəzi tənqidçilər deyir ki, “Meritokratiyada uğur qazanmış şəxslərin öz enerjisini mütləq ictimai yaxşılığa sərf edəcəyinə heç bir zəmanət yoxdur…”

Başqa bir sual meritokratiya ilə elitarizm arasındakı əlaqə haqqındadı: “Meritokratiya yeni elita yaradır, yoxsa elitarizmi gücləndirir?”

Bu son sual həm nəzəri, həm tarixi, həm də praktiki baxımdan çox aktualdır. Halbuki, bütün bu mənfi tərəflərə rəğmən araşdırmalar göstərir ki, məhz meritokratik sistemlə idarə olunan dövlətlər daha yüksək iqtisadi nəticələr əldə edir.

Göründüyü kimi meritokratiyada əsas ana mövzu kadr məsələsidir.

Bir ölkənin əsas gücü  onun əhalisi, bir təşkilatın əsas aktivi onun kadrlarıdır. Kimlər üçün utopik səslənsə də kadr məsələsi ilə bağlı sonda yenə öz 5 təklifimi təqdim edirəm: 

1) Bizdə DİM - Dövlət İmtahan Mərkəzi var və bu mərkəzin  əsas işi İQ-nü  yoxlamaq olduğu üçün digər meritokratik göstəricilər burada yoxlanmır.

DİRA - "Dövlət İnsan Resursları Agentliyi" yaradılsın. Dövlət təşkilatları nəzdindəki İRD-lər (İnsan Resusrları  Departamenti) DİRA-ya tabe olsun. Yeni kadr seçimi DİM - DİRA xətti üzrə aparılsın;

2) Dövlət idarəçiliyinə qəbul edilən kadrların meritokratik kriteriyaları siyahısına mənəvi dəyərlər, zəhmətkeşlik, Vətənə bağlılıq, milli ruh  və s. kimi göstəricilər daxil edilsin;

3) İdarəçiliyin bütün sahələrində rəhbər mövqelərdə maliyyəçi və hüquqşünaslara üstünlük verilməsi, menecerliyin peşəkarlıqdan üstün tutulması və onu əzməsi dayandırılsın;

4) Yaxın qohumluluq evliliyinə qoyulan qadağa yüksək vəzifəli şəxslərin qudalığına da şamil edilsin;

5) Xarici ölkələrdə yaşayan xüsusi istedadlı və yüksək meritokratik kriteriyalara malik soydaşlarımız ölkəmizdə işlərə cəlb olunsun.

Meritokratik kriteriyalar zamanla dəyişən və cəmiyyətin sosial sisteminə uyğun daim yenilənəndir.

Yazının əvvəlində dediyimiz “Bacarana can qurban” şüarı ilə yaşayan  “dələduz”lar yox olmalı, daxilən dəyişmədilər. Onlar indi böyük imkanları hesabına  özlərinə yeni imic yaradıblar. Onlar yuxarılarda bir-birini tanıyır, biri-birini qoruyub ayaqda tuturlar.

Onlar bu cür yazıları əvvəllər oxuyub gülürdülər.

İndi gülmürlər!..

Çünki, xalqın vətənə sevgisinə qarşı bu qədər açıq və gizli iş aparanlar, indi də xaqın "Bacarana can qurban" şüarı ilə yox, meritokratik dəyərlərələ yaşamaq istəyini görürlər...

Uğurlu Şərifov

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti