Tatar çölü: İnsanın Bastiani qalası
Tatar çölü: İnsanın Bastiani qalası
Bəzən insan həyatı yaşayırmış kimi görünür. Əslində isə sadəcə gözləyir. Bəzən bir insanı, bəzən bir günü, bəzən də bir fürsəti… Dino Bussatinin “Tatar çölü” romanı məhz bu gözləmənin faciəsindən bəhs edir.
Dino Bussatinin 33 yaşında yazdığı “Tatar çölü” romanı 1940-cı ildə işıq üzü görüb. Məncə, bu əsəri Alber Kamünün “Yad” romanı ilə ədəbi və fəlsəfi baxımdan eyni xətt üzərində oxumaq mümkündür. Əsərin kəskin süjet xətti yoxdur, çox sadədir. Hadisələrin hansı dövrdə baş verdiyi də tam olaraq bilinmir.
Qeyd: Qərb mənbələrində bəzən “Tartar” kimi yazılırdı. Çünki monqol-tatar yürüşlərini o qədər qorxunc hesab edirdilər ki, onları qədim yunan mifologiyasındakı Tartar (əbədi cəza, sonsuz boşluq və dibigörünməz uçurum) ilə əlaqələndirir və bu sözə simvolik məna yükləyirdilər.

Təzəcə zabit rütbəsi alan Covanni Droqo Bastiani qalasına təyinat alıb. Böyük xəyalları olan cavan zabit qalaya doğru yola düşür. Nə vaxtsa dövlət üçün əhəmiyyətli sayılan qala artıq bütün mahiyyətini itirib. Qalaya yaxınlaşdıqca bu həqiqəti Droqo daha yaxşı başa düşür.
Qalanın yeknəsəq həyatından elə ilk gün qaçmaq istəyən Droqo həkimlə danışıb yüksək dağlıq ərazidə xidmət üçün yararsız olduğu barədə arayış almaq fikrinə düşür. Lakin mayor Matti onu bir müddət də gözləməyə razı salır. Droqo düşünür ki, 4 ay sonra növbəti tibbi komissiya olacaq, ora qədər tab gətirmək olar. Bəzən elə bir ana təsadüf edərsən ki, nəfəsini tutub anın ötüb keçməsini gözləmək boğulmaqla nəticələnir.
Droqo ilk gün qalanı tərk edəcək əzmi göstərmir və ətalət içində qalıb yeni addımlar ata bilmir. Ümiddən və gözləntilərdən hörülmüş bu qalada bir ömür(30 il) davam edəcək gözləmənin ilk 4 ayı başlayır.
Qalada olan hər kəsi burada saxlayan bir gün tatarların hücum edəcəyi ümididir. Hər kəs həmin günün qəhrəmanı olmaq arzusu ilə yaşayır. Başlarda Droqo bunu başa düşə bilmir, amma zamanla özü də belə bir qəhrəmanlığın ümidinə bağlanır. Beləcə qalada qalmağı hər gün uzadır. Obyektiv arqumentlərə əsaslanmayan və sadəcə xəyallardan doğan ümid insanı içdən yeyən bir xəstəlikdir. Çünki daha əvvəl qalaya heç bir hücum olmayıb. Hər kəsin haqqında fərqli bir hekayə danışdığı tatarları da heç kim görməyib.

İnsanın günü necə keçirsə, həyatı da elə gedir. Droqo qaladakı hamı kimi gedişi yubadır, bəlkə də bu yubatma zamanla təkcə Droqonun yox, bizim də həyat tərzimizə çevrilir.
4 aydan sonra getməyi planladığı qaladan ilk məzuniyyətə 4 ildən sonra çıxır. Amma elə ilk gün başa düşür ki, onun köhnə həyatı ilə bağları tamamilə qopub. Qardaşları başqa-başqa yerlərdə özləri üçün həyat qurub. Hərəsi bir işin arxası ilə qaçan dostları artıq onun üçün çox yaddır. Əvvəlki kimi görüşmək üçün daha nə həvəs, nə imkan, nə də vaxt var. Hər gün oğlundan məktub gözləyən ana, artıq onu gözləməyi də yadırğayıb. Qayıdanda hər şeyin əvvəlki kimi olması üçün otağın qapı və pəncərələrini açıb havalandırmaq kifayət etmir. 4 il sonra ilk dəfə bir vaxtlar bütün həyatı bir yerdə yaşamağı arzuladığı köhnə sevgilisini görür. Amma artıq nə danışmağa sözləri, nə də ifadə etməyə hissləri qalıb. Hansı insan getdiyi kimi qayıda bilir? Hansı insan qoyub getdiyin kimi qalmış olur? Ayrılıb başqa həyatlara getdiyin zaman, yenidən qayıtdığında nə qayıtdığın insan, nə qayıtdığın yer eyni qalır. Nə də qayıdan eyni adam olur.
Bəlkə də Droqo o məzuniyyətdən qayıtmaya bilərdi, lakin əksinə, tez məzuniyyəti bitirib qalaya qaçmağı seçir. Alışqanlıqlar, qorxular, bəlkə də cəsarətsizlik… Amma zaman nə Droqonu, nə də bizi gözləmir. Hakan Taşıyanın o məşhur mahnısı ağlıma gəlir: “Ya sevməyi bilmədim, ya da sevinəndə gecikdim…”

Kafkanın obrazlarının iradəsi çox vaxt sistemin divarları arasında itib gedir. Droqonun isə seçim haqqı var. Onun qarşısında Josef K-nın üzləşdiyi kimi məcburi məhkəmə yoxdur. Onun mühakiməsi öz seçimlərindən doğur.
Yaşadığımızı, hansısa xəyallar uğruna mübarizə apardığımızı düşünərkən, bəlkə də əslində, həyat yanımızdan ötüb keçir. Biz də Droqo kimi təxirə salırıq: bir gözlənti və ya ümid uğruna sabaha, iki gün sonraya, dörd ay sonraya və nəhayət ömrümüzün sonuna qədər təxirə salırıq. Əslində təxirə salmırıq, həyatı qaçırırıq, elə Droqo kimi.
Düzünü desək, hər kəsin bir Bastiani qalası və daim dinşədiyi bir tatar çölü var. Bastiani qalası bizim ruhumuz, tatar çölü isə bugün də olmasa, sabah baş verəcəyinə güman etdiyimiz inanclarımızdır. Uğrunda olmayacaq şeylərə, ümidsiz ümidlərə inanmağımıza səbəb olan inanclar. O ümid ki, uzaqdakı qığılcıma bənddir. Bütün həqiqətləri alt-üst edir, haqlı narahatlıqlara su səpir. Heç vaxt reallaşmayacaq o ümidlər isə sadəcə səssiz, quru bir çöldür- tatar çölü.
Günlər qum saatındakı qum kimi axıb gedib… Droqo artıq yaşlanıb sağlamlığını itirdiyi zaman nəhayət üfüqdə xəyalı qurulan düşmən dəstələri görünür. Amma Droqo xəstədir və qala üçün yükdür. Artıq ölümü gözləmək üzrə kənara çəkilmək və qalanı tərk etmək məcburiyyətindədir. Ahmet Kayanın mahnısında “artık yenilmiş ordular kadar eziktik, sahipsizdik” dediyi yerdədir.

Droqo qalanı tərk edərkən dönüb hər gün sabah baş verəcək döyüşü gözləməklə keçən 30 ilinə baxır və heç nə görə bilmir. Bəlkə də çoxumuz elə “Tatar çölü”ndə Droqo ömür yaşayırıq, fərqində deyilik… Bir gün 20 yaşında oluruq və həyatın necə olacağını düşünürük. Bir də gözümüzü açırıq ki, bugündəyik. Həyatımız necə olacağını düşündüyümüz gündən bugünə qədər yaşadıqlarımızdan ibarətdir.
Xəyallarımızı reallaşdıra bilmək üçün addım atacaq, hərəkətə keçəcək gücü özümüzdə toplamalıyıq. Həmişə gözəl günlərin gəlməsini, gözəl şeylərin olmasını gözləyirik. Gözləməyə davam etdiyimiz müddətcə hələ çox gözləyərik. Yaxşı şeylər yalnız planla, addım ataraq olur, bədbəxtliklər isə elə öz-özünə də baş verir. Droqo hər ayrılmaq anı gələndə ola biləcək ən pis ehtimalı- işini və ya rütbəsini itirməyi düşündüyü üçün həyatını boş bir xəyalı gözləyərək keçirdi. Amma Droqo qalanı vaxtında tərk edə bilsəydi, qala həyatı ömrünün qalan günlərində ara-sıra xatırlayacağı və gülümsəyəcəyi xatirəyə çevrilə bilərdi. Bir yerdə yetəri qədər qaldıqda həmin günlər hər zaman xoş bir xatirəyə çevirilir, amma gərəyindən artıq qalanda sadəcə həyatını daha da ağırlaşdırırsan.

Bəzən həyat bizi məğlub etmir. Biz sadəcə onu yaşamaq üçün həmişə sabahı seçirik. İnsanların bir çoxu Droqo kimi ömürlərini gözləməklə başa vururlar.
Bəzən nə etməli olduğumuzu bilmək çətindir, amma nə etməməli olduğumuz aydındır. Tutqun, rütubətli otaqdan işığa çıxdığın zaman gözlər kimi düşüncələrin də qamaşmasında təəccüb edəcək nəsə varmı? İnsan ancaq Bastiani qalasını təmsil edən dəyər və obrazlardan uzaq gəzərək qurulan bir həyatda xoşbəxt ola bilər…
Natiq Məmişov
Www.soydasaz.kepenekci.net