Gürcüstanda yaşayan gənc yazıçı Azərbaycanda keçirilən müsabiqədə qalib olub

image

Gürcüstanın Qardabani rayonunda yaşayan gənc şair, yazıçı Azər Musaoğlu Azərbaycanda keçirilən “Məişət zorakılığına yox deyək!” mövzusunda təşkil olunan hekayə müsabiqəsinin qaliblərindən biri olub. O, müsabiqəyə özünün qələmə aldığı “Fidan” hekayəsini təqdim edib.

Soydas.az xəbər verir ki, Azər Musaoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, ötən illərdə olduğu kimi bu il də bu cür müsabiqədə iştirak etmək istəyib.
 

"Ulduz" jurnalının feysbuk səhifəsində müsabiqə haqqında elanı görüb müsabiqədə iştirak etmək üçün "Fidan" adlı hekayəmi göndərdim. Əlbəttə, qalib olmaq gözəl hissdir. Sənin sevərək gördüyün işin qiymətləndirilməsi, mükafatlandırılması özünə, sözünə olan inamını artırır. Daha da həvəs verir. Eyni zamanda, daha yaxşı yazmaq, qalib adını qoruyub saxlamaq məsuliyyətini də qoyur”.

Yarışmaya Gürcüstandan yalnız Azər Musaoğlu qatılıb. Onun sözlərinə görə, hər zaman bu cür müsabiqələr elan olunanda iştirak edir.

“Hekayə müsabiqələrində bir neçə dəfə iştirak etmişəm. Hər dəfə də finala, onluğa, ən azı iyirmiliyə düşmüşəm. Sənin hekayən yüzlərlə hekayənin içindən seçilib onluğa, iyirmiliyə düşürsə, məncə, bunun özü də böyük nailiyyətdir”.

Musaoğlu onu da qeyd etdi ki, bu cür müsabiqələrə gələcəkdə də qatılmağı düşünür.

Qeyd edək ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) "Ulduz" jurnalı ilə əməkdaşlıq çərçivəsində keçirilən hekayə müsabiqəsinin qalibləri 13 mart tarixində elan olunublar. “Məişət zorakılığına yox deyək!” mövzusunda təşkil olunan hekayə müsabiqəsinin finalçılarının hamısı qalib elan olunublar: Arif Rəhimov (“Zərif və kövrək məxluq”), Azər Musaoğlu (“Fidan”), Fatimə Bayramova (“Bağlı qapı arxasında”), Maya İmran (“Humay Atabəy”), Rəşid Bərgüşadlı (“Otit”), Şəfa Vəli (“Quşxanadan reportaj”), Zemfira Məhərrəmli (“Ailə sənin məbədindir”).

AYB-nin “Natəvan” klubunda baş tutan tədbirdə qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib. Bu cür müsabiqələrin gələcəkdə də davam etdirilməsi və seçilmiş hekayələrin ayrıca kitab şəklində çap edilməsi nəzərdə tutulub. Müsabiqə “525-ci qəzet”in informasiya dəstəyi ilə baş tutub.

Onu da qeyd edək ki, Azər Musaoğlu əvvəllər Heydər Əliyev adına Tbilisi Dövlət Dram Teatrının aktyoru olub. 2020-ci ildə bir neçə aktyor və direktor müavini ilə birlikdə işdən uzaqlaşdırılıblar. O, hal-hazırda “Yeni Yol” qəzetinin redaktorudur. Azər Musaoğlu bir sıra şeir və hekayələrin müəllifidir.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti