Güney Azərbaycanda milli fəlsəfi və ictimai fikir tarixi

image

Bu günə qədər XIX-XX əsrlər Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi nəinki bütövlükdə, heç ayrılıqda da konseptual şəkildə araşdırmalara cəlb olunmamışdır. Yalnız akad. Heydər Hüseynov XIX əsr Azərbaycanın quzeyi ilə bağlı Türk fəlsəfi və ictimai fikir tarixinə aid əsər yazmışdır ki, o da, kitabında mühitin dini-fəlsəfi, ictimai-siyasi yönlərini tam əhatə etməmiş, bəzi mütəfəkkirlərin irsinə toxunmamışdır. Sadəcə, H.Hüseynova qədər Firudin bəy Köçərli həm XIX əsr, həm də XIX əsrə qədərki bütöv Azərbaycan Türk fəlsəfi və ictimai fikir tariximizlə bağlı müəyyən dərəcədə bağlı olan “Azərbaycan türklərinin ədəbiyyatı” əsərini yazmışdır. Ancaq onun bu əsəri isə fəlsəfi və ictimai fikir tarixi ilə birbaşa bağlı olmamışdır.

Doğrudur, sonralar XX əsr Azərbaycanın quzeyin­dəki fəlsəfi və ictimai fikir tarixi ilə bağlı akad. Firudin Köçərli, Midhət Ağamirov, Ziyəddin Göyüşov və başqaları da bir çox əsərlər yazmışlar. Onların arasında Z.Göyüşov Sovet Azərbaycandakı fəlsəfi və ictimai fikir tarixinin müəyyən bir dövrünü (1920-1970) ayrıca kitab olaraq qələmə almışdır. Yaxud da Firudin Qasım oğlu Köçərli, Mehbalı Qasımov, Midhət Ağamirov, Zümrüd Quluzadə, Solmaz Rzaquluzadə  və başqaları XIX-XX əsrlərdə yaşamış ayrı-ayrı mütəfəkkirlərimizin dünyagörüşlərini araşdırmışlar. Ancaq XIX-XX əsrlərdə Quzey Azərbaycan fəlsəfi və ictimai fikir tarixini özündə bütövlükdə əhatə edən bir əsər meydana gəlməmişdir.

Müstəqilliyimizin bərpasından sonra (1991) ən qədim dövrlərdən XVIII əsrdə daxil olmaqla Azərbaycan fəlsəfi və ictimai fikir tarixi bir bütün olaraq araşdırılmışdır. Ancaq XIX-XX əsrlərə aid fəlsəfi və ictimai fikir tarixi hələ də, nə bir bütün olaraq (güneyli, quzeyli Azərbaycan bir yerdə), nə də ayrı-ayrılıqda tədqiq olunmamışdır. Üstəlik, onu da deməliyik ki, istər Sovet Azərbaycanı dövründə, istərsə də müstəqil Azərbaycan dönəmində Quzey Azərbaycan fəlsəfi və ictimai fikir tarixi xeyli dərəcədə tədqiqatlara cəlb olunsa da, ancaq eyni sözləri Güney Azərbaycan fəlsəfi və ictimai fikir tarixi haqqında deyə bilmirik. Əlbəttə, hər iki dövrdə Güney Azərbaycan fəlsəfi və ictimai fikir tarixinə də zaman-zaman müraciət olunmuş, bəzi dissertasiyalar, plan işləri və əsərlər ortaya qoyulmuşdur. Bütün hallarda Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin tədqiqi Quzey Azərbaycanda eyni mövzuların araşdırılması ilə müqayisədə kölgədə qalmışdır.

Biz, eyni dövrlə bağlı Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinə aid araşdırmalara baxdıqda isə görürük ki, burada vəziyyət Quzey Azərbaycandakı vəziyyətdən də xeyli dərəcədə problemli olmuşdur. Burada ilk növbədə, Məhəmmədəli Tərbiyətin 1935-ci ildə tamamladığı “Danişmən­danı Azərbaycan” (“Görkəmli elm və sənət adamları”) əsəri diqqətimizi cəlb edə bilər ki, bu kitabda ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər Bütöv Azərbaycanda yaşamış mütəfəkkirlərin özkeçmişlərindən, onların yazdıqları əsərlərin  adlarından ibarətdir. Əlbəttə, bu sözümüzlə Tərbiyətin dəyərli əsərinin qiymətini heç bir halda azaltmaq niyyətimiz yoxdur. Sadəcə, bu əsərin birbaşa mövzumuzla bağlılığının xeyli dərəcədə az olmasını ifadə etmək istəyirik.

Beləliklə, deyə bilərik ki, Azərbaycanın güneyində XIX-XX əsrlər Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinə aid nəinki ümumi (Bütöv Azərbaycan), heç xüsusi (Güney Azərbaycan) əsərlərə də rast gəlmək mümkün deyil. Azərbaycanın güneyində son iki əsr Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinə aid yalnız ayrı-ayrı tədqiqatlar olmuşdur. Şübhəsiz, Azərbaycanın güneyində fəlsəfi və ictimai fikir tariximizin daha dərin və əhatəli şəkildə tədqiqatlara cəlb olunmaması təsadüfi olmamış, həm Pəhləvilər, həm də molla-fars rejimlərinin bu məsələdə Azərbaycan türklüyünə şovinist basqıları, təqibləri mühüm rol oyanmışdır.

Bütün bunlarla yanaşı, vahid bir millət, vahid xalq olan Azərbaycan xalqının, Azərbaycan türklərinin son iki əsrdə bir-birindən əsasən ayrı yaşamaq məcburiyyətində qalması, bizlər üçün bir o qədər də xoş olmayan yeni anlayışların (Quzey Azərbaycan, Güney Azərbaycan və b.), fərqli baxışların yaran­masına da səbəb olmuşdur. Əslində bizim istəməyərəkdən, ancaq məcburən quzey və güney Azərbaycan adlandırdığımız anlayışlar, vahid və bütöv Azərbaycandan başqa bir şey deyildir.  Bu anlamda siyasi-hüquqi müstəvidə var olan iki Azərbaycanın (birinin müstəqil, digərinin isə İran adlanan ölkənin bir hissəsi kimi) mütəfəkkirlərinin fəlsəfi və ictimai-siyasi görüşlərini bir bütün kimi araşdırmaq təbii olsa da, ancaq mövcud gerçəklikləri də nəzərə almaq məcburiyyətindəyik.

Son iki əsrdə, xüsusilə son yüzillikdə fəlsəfi və ictimai-siyasi problemlərə, Azəbaycanın quzeyindəki mütəfəkkirlər ilə güneyindəki aydınların baxışları arasında əsasən oxşarlıq­larla yanaşı, müəyyən fərqliliklər də ortaya çıxmışdır. Bu fərqliliklər isə daha çox özünü dünyadakı ənənəvi, yeni fəlsəfi məktəblərə münasibətdə deyil, eyni zamanda yaşamağa məcbur olduqları rejimlərin siyasi-fəlsəfi mahiyyətlərinə istər müsbət, istərsə də mənfi olsun, verdikləri reaksiyalardan da irəli gəlmişdir. Bütün bunlar Azərbaycan Türk mütəfəkkirlərinin fəlsəfi və ictimai-siyasi baxışlarına əsaslı təsir göstərməsə də, ancaq istər-istəməz dünyagörüşlərində bəzi fərqliliklərə yol açmışdır.

Hər halda fəlsəfi cərəyanlara, ictimai-siyasi problemlərə, dinlərə münasibətdə Azərbaycanın quzeyindəki mütəfəkkirlərlə güneyindəki mütəfəkkirlərin baxışlarında oxşarlıqlarla yanaşı fərqlilikləri də görmək lazımdır. Məsələn, İslam dininə Sovetlər Birliyinin tərkibində yaşayan Quzey Azərbaycan Türk mütəfəkkiri ilə, Güney Azərbaycan Türk ziyalının  münasibətləri arasında ilk baxışda, ahəng görünsə də, əslində bu  ahəngin özündə də fərqliliklər var. Yəni biri var ateist SSRİ-nin müstəmləkəsi olan Sovet Azərbaycanındakı bir azərbaycanlı ziyalının materialist mövqeyi, biri də var yarımateist Pəhləvilər İranında, ya da radikal Molla İranında bir türk ziyalının materi­alizmə yanaşması. Biz, eyni məsələni islamçılığa, millətçiliyə, demokratizmə, sosial-demokratizmə və digər ideyalara münasi­bətdə də deyə bilərik. Şübhəsiz, burada həmin ideyalara münasi­bətdə Azərbaycan Türk mütəfəkkirlərinin (istər quzeydən, istərsə də güneydən olsun) bir qədər fərqli yanaşması, eyni çatı altında yaşamamaq bir yana qalsın, tamamilə fərqli mədəniy­yətlərə, fəlsəfi cərəyanlara məcburi sürüklənməsi də mühüm rol oynamışdır.

Bu baxımdan XX əsr Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikrinə Qərb mədəniyyəti, Qərb fəlsəfəsi (sosial-deomkratizm, liberalizm və s.), İran mədəniyyəti, irançılıq (zərdüştlük, farsçılıq) və İslam fəlsəfəsi (İslam dini, islam şiəçiliyi) xeyli dərəcədə təsir göstərmişdir. Deməli, XX əsrdə Azərbaycan Türk aydınlarının  irsində  əsas məsələ Türk dünyagörüşü, Türk mədəniyyəti ilə qərbçilik-avropalaşmaq, irançılıq və islam şiəçiliyinə münasibət və bundan irəli gələrək Milli fəlsəfəni ifadə etmələri olmuşdur. Belə demək mümkün­dürsə, Azərbaycan mütəfəkkirləri son əsrlərə, xüsusilə də XX əsrə qədər daha çox Türk dünyagörüşü, Türk fəlsəfəsi ilə İslamçılıq, İslam fəlsəfəsi arasında uzlaşmalara (radikal, loyal, müti) çalışıb, bu yolda müxtəlif dini-fəlsəfi, siyasi fəlsəfi cərəyanlar orta qoyduqları halda, son yüzillikdə irançılıq və qərbçilik də əsas fəlsəfi və ictimai-siyasi problemə çevrilmişdir.

İlk növbədə, burada Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikrində Qərb mədəniyyəti, Qərb fəlsəfəsinin yerini və rolunu tədqiq etməyə çalışmışıq. Məlum olduğu kimi, Qərb mədəniyyəti Azərbaycanın quzeyindəki mütəfəkkirlərimiz kimi, Azərbaycanın quzeyindəki aydınlarımızın şüurlarına, onların yaradıcılıqlarına xeyli dərəcə də təsir göstərmişdir. Xüsusilə də, Avropada meydana çıxaraq bütün dünyaya yayılan sosializm, sosial-deomkratizm, demokratizm, liberalizm kimi cərəyanlar XX əsrin əvvəllərində Qacarlar dövlətində, o cümlədən Azərbaycanın güneyində geniş yayılmışdır. Sözün açığı, Azərbaycanın güneyində Qərb cərəyanları arasında daha çox populyarı sosial-demokratizm olmuşdur.

Bu baxımdan uzun müddət Güney Azərbaycan fəlsəfi və ictimai fikir tarixində sosial-demokratizm cərəyanı Türk mütəfəkkir­lərdən xeyli bir qisminin dünyagörüşündə əsas yeri tutmuşdur. Qərb mədəniyyətinə, o cümlədən sosial-demokratizm cərəyanına meyil göstərən aydınlarımız (Ş.M.Xiyabani, T. Rüfət, T.Ərani, S.C.Pişəvəri, M.Biriya və b.) bəzən həmin dəyərləri həddən artıq ideallaşdırsalar da, əsasən türklük, müəyyən qədər də islamlıq düşüncələrin­dən tamamilə uzaqlaş­mayıblar. Ancaq bütövlükdə sosial-demokratizm cərəyanında milli-dini mənsubiyyətlər arxa plana keçirilib, sinfi mənsubiy­yətin ön plana çıxarıldığı üçün bütün bunlar Güney  Azərbaycan mütəfəkkirlərinə də ciddi təsir göstərmişdir. Şübhəsiz, sosial-demokratizmlə müqayisədə, Rusiyada bir qədər fərqli formada ortaya çıxan marksizm-leninizmin milli və dini məsələlərə daha radikal yanaşması da burada mühüm rol oynamışdır. Çünki Azərbaycanın quzeyində olduğu qədər olmasa da, güneyində də uzun müddət Sovet Rusiyasına aid marksizm-leninizm ideologiyası üstün bir mövqe tutmuşdur.

Doğrudur, bir çox amillərə görə, Sovet Rusiyası Azərbaycanın güneyində marksizm-leninizm ideyalarını təbliğ edərkən çox dərinə gedə bilməmişdir. Hər halda Azərbaycanın quzeyini işğal etdikdən sonra burada sözdə fəhlə-kəndli sinfi yaradan Sovet Rusiyası bunu olduğu kimi, Azərbaycanın güneyində tətbiq edə bilmədiyi üçün bir qədər fərqli addımlar atmağa məcbur olmuşdur. Bu isə o deməkdir ki, Azərbaycanın güneyində Qərb mədəniyyəti, o cümlədən sosial-demokratizm cərəyanı çərçivəsində türklüyə və islamlığa münasibət Azərbaycanın quzeyindəki proseslərdən bir qədər fərqlənmişdir. Bundan da irəli gələrək, Azərbaycanın güneyindəki  Qərb mədəniyyətinə meyilli, sosial-demokratizm cərəyanına bağlı mütəfəkkirlərin türklüyə və islamlığa baxışında Sovet Rusiyası­nın ideologiyasından da heç də az olmayaraq, Pəhləvilər rejiminin və onların himayədarlarının aryançılığı, irançılığı da mühüm rol oynamışdır.

Demək istədiyimiz odur ki, sosial-demokratizm cərəyanına bağlı olan, ancaq sonralar daha çox demokratlar kimi tanınan Azərbaycan Türk mütəfəkkirləri bir tərəfdən Sovet Rusiyası ideologiyasının, digər  tərəfdən İran aryançılığının təzyiqləri altında baxışlarını ortaya qoymağa çalışmışlar. Şübhəsiz, onlar bu iki yad qüvvənin arasında mübarizə aparmaq məcburiy­yətində qaldıqları üçün, istər-istəməz dünyagörüşlərində ziddiyyətlər özünü büruzə vermişdir. Belə ki, onlar sosial-demokratizm, demokratizm ideyaları əsasında Azərbaycan xalqının, ümumilikdə İran xalqlarının haqq və azadlıqları uğrunda mübarizə apardıqlarını iddia etdikləri üçün, islamlığa və türklüyə münasibətdə də bunu nəzərə alıb daha çox azərbaycançılıq üzərində dayanırdılar.

Milli demokrat­ların azərbaycançılığında isə türklük demək olar ki, arxa plana keçirildiyi halda, islamçılıq isə sosial-demokratizmlə uzlaşdırılmağa çalışılmışdır. Hər halda milli demokratlar sosial-demokratizmin təsiri, marksizm-leninizmin təzyiqi altında türklük məsələsini çox da qabartmır, əsasən azərbaycanlı kimliyini önə çəkirdilər. İslamlığa gəlincə, milli demokratlar bu məsələyə daha çox loyal yanaşır, əsas diqqəti Azərbaycan xalqının milli haqq və hüquqlarına yönəldirdilər.  Sovet Rusiyasının da təzyiqləri altında belə bir mövqe tutan milli demokratlar üstəlik, 1935-ci ildən sonra “İran” adlanan dövlətin bütövlüyündən də əsasən kənara çıxmayaraq, daha çox şovinist aryançılığa qarşı olub ölkənin demokratikləş­dirilməsi və federallaşdırlması tələblərini irəli sürürdülər.

Bu baxımdan biz, burada apardığımız araşdırmada milli-demokratik və siyasi-fəlsəfi ideyaları daha dərindən və incəlliklərinə qədər aşkara çıxarmağa çalışmışıq.

Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikrində milli fəlsəfənin, eyni zamanda milli fəlsəfəmizə İran mədəniyyəti, irançılığın (zərdüştlük, farsçılıq) təsrini də tədqiq etməyə çalışmışıq.

Yuxarıda da qeyd etdiyimiz kimi milli fəlsəfi və ictimai fikir XX əsrə qədər olduğu kimi, XX əsrdə də daha çox irançılıq və islamçılıqla münasibətləri də əhatəsində özünü ifadə etmişdir. Əslində milli fəlsəfi və ictimai fikrin XIX əsrdən geniş yayılan Qərb mədəniyyətinə, Qərb fəlsəfəsinə münasibəti ilə, irançılığa və islamçılığa münasibətini eyniləşdirmək olmaz. Çünki əgər milli fəlsəfi və ictimai fikrimiz təxminən, ancaq son iki əsrdə Qərb mədəniyyəti, Qərb fəlsəfəsi ilə mücadilə içində olduğu halda, irançılıq və islamlığa münasibətdə bunun tarixi daha qədim dövrlərə gedib çıxır.

Üstəlik, milli fəlsəfi təfəkkürümüzün irançılıqla qarşılqılı münasibətlərinin təşəkkülü, islamçılıqdan həm  qədimdir, həm də çox ziddiyyətlidir. Konkret XX əsr Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixində irançılığın, aryançılığın təsirinə gəlincə, burada onun müəyyən dərəcədə izinin olması inkar edilməzdir. Biz, bunu əslində milli demokratların dünyagörüşündə də müəyyən qədər müşahidə edirik. Sadəcə, milli demokratlar irançılıq, aryançılıq məsələsini daha çox sosial-demokratizm əqidəsi çərçivəsində dəyərləndirib, bu zaman türklük məsələsinə ehtiyatla yanaşdıqları halda, milli maarifçilər onlara nisbətdə bir qədər fərqli yol izləmişlər.

Ümumiyyətlə, milli maarifçilər, yəni sosial-demokratizm­dən tamamilə uzaq olan, ya da ona az bağlı olan mütəfəkkirlərin həm Türk dünyagörüşünə, Türk mədəniyyətinə, həm də buna paralel olaraq İran mədəniyyətinə, İran fəlsəfəsinə münasibəti xeyli dərəcədə fərqli olmuşdur. Milli maarifçilər ilk növbədə, Türk fəlsəfi dünyagörüşünə, Türk mədəniyyətinə əsaslanmağa çalışmış, bu zaman ona xeyli dərəcədə yad gördükləri İran mədəniyyətini, İran fəlsəfəsini milli mədəniyyətdən, milli fəlsəfədən mümkün olduqca uzaq tutmağa çalışmışlar. Əlbəttə, bu məsələdə milli maarifçilərimizin heç də hamısı uğurlu bir yol izləyə bilməmişlər. Belə ki, milli maarifçilərimizdən bəziləri Qərbdən gələn ideoloji görüşlərin təsiri altında, ya da məcburiyyətdən zaman-zaman İran mədəniyyətini, İran fəlsəfəsini  də təqdir etmişlər.

İlk baxışda həm Türk fəlsəfəsini, Türk mədəniyyətini, buna paralel olaraq da İran mədəniyyətini tutmaq, yaxud da onun təbliğatçısı olmaq çox da anlamlı görünməsə də, ancaq dövrün şərtləri və tələbləri altında bu kimi hallarla qarşılaşmağımız qeyri-adi hesab oluna bilməz. Üstəlik, bəzi Azərbaycan Türk kökənli ziyalılar da olmuşdur ki, Türk  mədəniyyətini, Türk fəlsəfəsini ümumilikdə, Türklüyü inkar etmək yolunu tutmuş, bunun əvəzində İran mədəniyyəti, İran fəlsəfəsini qəbul edərək aryançılığın, farsçılığın təbliğatçıları olmuşlar.

Milli fəlsəfəmizin ümumilikdə, əsas nüvədən kənara çıxmadan yeni bir mahiyyət daşımasında İslam dininin, İslam fəlsəfəsinin, İslamlığın mühüm rol oynaması inkar olunmaz bir gerçəklikdir. Bu barədə onu deyə bilərik ki, islamlığın XX əsrdə Güney Azərbaycan fəlsəfi və ictimai fikrinə təsiri Quzey Azərbaycandan xeyli dərəcədə fərqli olmuşdur. Şübhəsiz, bunun səbəbləri arasında fərqli ictimai-siyasi quruluşlarda və ideolojilər altında yaşamağımız mühüm yer tutmaqdadır.

Ümumilikdə, bəhs etdiyimiz dövrdə Güney Azərbaycanda milli fəlsəfi və ictimai fikrimizin inikaşfında islamlığın yerini və rolunu bir neçə mərhələdə dəyərləndirə bilərik:

 1) Qacarlar dövlətinin tənəzzülü dövründə islamlıq,

2) Pəhləvilər dövründə islamlıq,

3) Molla rejimi dövründə islamlıq.

Qacarlar dövlətinin tənəzzülü dövründə islamlıq, islam fəlsəfəsinə münasibətdə Azərbaycan Türk mütəfəkkirləri daha çox islahatçılığa meyilli olmuşlar.  Xüsusilə də, milli demokratlar, milli maarifçilər islamlıq məsələsində əsasən loyal və islahatçı mövqe tutublar. Doğrudur, milli demokrtatlar arasında islamlığa münasibətdə radikal mövqedən çıxış edənlər də olmuşdur. Ancaq həmin dövrdə sırf islam fəlsəfəsindən çıxış edən azərbaycanlı-türk din alimlərimizin mövqeyində kəskin dəyişiklikər olmamışdır. Sadəcə, onların da xeyli qismi dövrün yeniləşməsi prosesləri çərçivəsində sxolastik düşüncədən uzaqlaşmış, hətta az saylı milli ruhlu din alimlərimiz də meydana çıxmağa başlamışdır.

Ancaq Pəhləvilər dövründə başladılan antiislam düşüncə tərzi istər milli demokratlarla milli maarifçilər, istərsə də din alimlərimiz arasında yeni bir mərhələnin əsasını qoymuşdur. Bu da ondan ibarət idi ki, islamlığa aşırı dərəcədə mənfi münasibətin olması yalnız ona əsaslanan din alimlərini deyil, eyni zamanda milli maarifçilik və sosial-demokratiyadan çıxış edən ziyalıları da rahatsız etmişdir. Milli demokratlardan da çox milli maarifçilər din alimləri qədər olmasa da, islamlığa münasibətdə daha çox həssas olmuşlar. Ancaq zamanla milli demokratlar arasında da islamlığa münasibətdə düşüncələrini dəyişənlər olmuşdur. Bu səbəbdəndir ki, Pəhləvilər rejiminə qarşı mübarizədə bir çox  milli maarifçilərlə yanaşı, milli demokratlar arasında bəziləri İslam hərəkatına dəstək vermiş,  hətta İslam iniqlabına böyük ümidlər bəsləyənlər də olmuşdur.

Şübhəsiz, Pəhləvilər rejimi dövründə baş qaldıran İslam hərəkatında və İslam inqilabından sonra bu proseslərdə başlıca yer tutanlar arasında Güney Azərbaycan və Azərbaycan xaricindəki Türk kökənli üləmalar, din alimləri mühüm rol oynamışlar. Biz şübhə etmirik ki, Pəhləvilər rejimi dövründə İslam hərəkatının öncülləri arasında olan, daha sonra İslam inqilabından sonra da ön planda olan azərbaycanlı din alimlərinin mücadiləsində islamlıq fəlsəfəsinə səmimi inamları, inancları mühüm yer tutmuşdur. Bu da, artıq əsrlərdən bəri islamlıqla türklüyün çulğalaşması ilə yanaşı, Azərbaycan türklərinin, bütövlükdə türklərin ədalətli, obyektiv duruşundan irəli gəlməkdədir.

Bütün Türk xalqları və onların aydınları kimi, Azərbaycan türkləri və onun ziyalıları üçün də hər bir zaman təmanna, çıxar güdmədən  islamlığın dərki və onun inkişafı ön planda olmuşdur. İnsanlıq fəlsəfəsini hər daim öz içində, ruhunda daşıyan Azərbaycan türkləri islamlıq fəlsəfəsində də bunu görmüş və ona tapınmaqda bir əngəl görməmişlər. Ancaq zaman-zaman saf duyğularının, ədalətlilik prinsipinin aşiqi kimi tamamilə onun əsrinə çevrilən Azərbaycan türkləri digər yad qüvvələrin oyununa gətirilmişdir. XX əsrdə Azərbay­canın güneyində, bütövlükdə indi İran adlanan ölkədə islamlıq fəlsəfəsindən çıxış edən Türk mütəfəkkirlərinin, din alimlərinin əsas problemi digərlərinin də onlar kimi İslam dininə yanaşdıqlarına inanmaları olmuşdur və bu gün də çox şey dəyişməmişdir.

Hər halda Türk kökənli, Türk ruhlu insanlarımız kimi, Türk mütəfəkkirlərinin, din alimlərinin bütövlükdə İslam dininə, yaxud da şiəçilik məzhəbinə olan duyğularının, düşüncələrinin, istər-istəməz digər xalqlardan, onların din alimlərinin düşüncələrindən bir çox məsələlərdə fərqləndiyini görürük. Bütün bu fərqliliyin haradan, nədən qaynaqlandığını görmək, bilmək üçün əslində sadə türklərin, yəni din alimləri qədər biliklərə sahib olmayanların duruşundan, sözündən, bir sözlə saf niyyətlərindən anlamaq mümkündür. Dünyada var olduğu andan bəri içində hər zaman insanlıq fəlsəfəsini daşımış, əslində həmin insanlıq fəlsəfəsinin sinonimi olan türklük dünyagörüşünü adı altında var olanların islalmlığa başqa cür yanaşması da mümkün deyildir.

 Çox təəssüflər ki, Türkün insanlıq və Tanrıçılıq fəlsəfə­sindən dolayı islamlığa, İslam dininə bəslədiyi ali münasibətdən sui-istifadə edənlər, onun saflığını istismar alətinə çevirənlər hər zaman olduğu kimi indi də vardır. Bu baxımdan Pəhləvilər rejimi dövründə islamlığın əsil mahiyyətinə inamdan irəli gələrək, onun yenidən bərqərar olması ilə İslam hərəkatına ümid bəsləyənlər, yenə də bizdən olmayıb, ancaq zahirən islamlıq qılığı, şiəlik pərdəsi altında olanların oyununa gəldilər. Ona görə də İslam inqilabı ilə ölkədə ədalətin, insanlığın bərqərar olmasına ümidlə, nəinki din alimlərimiz, maarifçilər, milli demokratların xeyli bir qismi bu yolda mücadilə etmiş, şəhid ya da qazi olmuşlar. Ancaq vaxtilə sosial-demokratiya cərəyanının insanlıq, yəni ümimi bərabərlik, azadlıq fəlsəfəsinə ümid edərək bir çox hərəkatlara öncüllük etmiş insanlarımız, onların öndə olanları, necə ki, rus, alman və başqa xalqların bu ideyadan sui-istifadə etmələrinin qurbanına çevrildiyi kimi, bu dəfə də ondan uzaq qala bilmədilər.

Pəhləvilər rejiminin devrilməsində və İslam inqilabının gerçəkləşməsində aparıcı rol oynayan türklər, o cümlədən Azərbaycan türkləri və onların mütəfəkkirləri, din xadimləri inqilab gerçəkləşdikdən az sonra müxtəlif oyunlarla zərərsizləş­dirlərək, yenidən irançılıq ideolojisinə tabe etdirildi. Buna boyun əyməyib islami ideyaların çoxunun gerçəkləşmədiyi üçün mübarizə edənlər ya məhv edildilər, ya da məcburi şəkildə bu vəziyyətlə razılaşmalı oldular.  Bu isə o demək idi ki, Pəhləvilər dövründə demokratikləşmə adı altında aryançılığı, İran mədəniyyətini təbliğ edənlər, İslam inqilabından sonra islamçlıq, ya da şiəçilik pərdəsi altında bunu etməyə davam etdilər. Əslində heç bir vaxt ədalətlilik ruhunu özündə daşımayanlar üçün, nə Pəhləvilər dönəmindəki demokratiyanın, nə də islam inqilabından sonrakı islam dininə aid (o cümlədən şiəliyə) dəyərlərin heç bir əhəmiyyəti yox idi. Bununla da, İslam inilabından sonra əslində islamın əsil mahiyyətini müdafiə edənlər, şiəliyin ədalətlilik ruhunun davam etdirənlər məğlub oldular.

Beləliklə, burada diqqət yetirdiyimiz əsas məsələlərdən biri, həm dövrün ictimai-siyasi, mədəni-fəlsəfi mənzərəsini hərtərəfli şəkildə işıqlandırmaq, eyni zamanda bütün bunların fonunda mütəfəkkirlərimizin irsini oxucularımıza çatdırmaqdır. Digər vacib məsələ odur ki, biz, burada XX əsrdə yaşamış, öz yaradıcılıqları ilə fəlsəfə və ictimai fikir tarixində iz buraxmış ziyalılarımızın dünyagörşülərini tədqiq etməyə çalışmışıq. Onların hər biri daşıdıqları əqidələrdən və baxışlarından asılı olmayaraq yalnız Azərbaycanın güneyində deyil, bütövlükdə Böyük Azərbaycanımızda və Türk-İslam dünyasında layiqli yer tutmuş ziyalılarımız, alimlərmizdir.

Bu baxımdan Güney Azərbaycan Türk mütəfəkkirlərinin irslərinin yeni nəslə çatdırılmasını və onların bu irsdən faydalanmasını zəruri hesab edirik. Hər şeydən öncə, iki Azərbaycanın yalnız maddi-fiziki anlamda deyil, eyni zamanda mənəvi-ruhi anlamda bir olması və bu birgəliyin əbədi davam etməsi üçün də bu kimi tədqiqatların aparılması olduqca vacibdir.

Faiq Ələkbərli

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun  aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti