İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına COP29-un uğurla keçirilməsi ilə bağlı təbriklərini çatdırıb, Azərbaycanın qısa müddət ərzində belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsinin yüksək qiymətləndirildiyini bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, COP29 tədbirinin keçirildiyi məkan 8 aylıq bir dövr ərzində hazırlanıb və burada yüksək ətraf mühit standartlarına və davamlılıq prinsiplərinə riayət olunub.
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış edib. Türkiyə Prezidenti tədbir çərçivəsində təşkil olunan mədəni təqdimatın da nəfis qaydada hazırlandığını bildirib.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi də aparılıb.
Www.soydasaz.kepenekci.net